Trasoloji ekspertiza

Trasoloji ekspertiza

Məhkəmə-trasoloji ekspertizası iz qoya biləcək predmetlər qrupunun (konkret obyektin), iz əmələ gəlməsi mexanizminin müəyyən edilməsi, həmçinin, tamın hissələrə görə və predmetin soyuq silahlara aid olub-olmamasının müəyyənləşdirilməsi üçün aparılır.

1. Papilyar naxış izlərinin ekspertizası üzrə

Papilyar naxış izlərinin daktiloskopik ekspertizası izlərin yararlı olub-olmamasını və izi qoyan şəxsin əl izləri ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək məqsədilə aparılır.

Daktiloskopik ekspertizaya üzərində iz aşkar edilən və ya izin olması ehtimal edilən predmetlər (onların hissələri) göndərilir.

Əgər ekspertiza üzərində iz olan predmeti (onun hissəsini) göndərmək mümkün deyildirsə (predmetin böyük ölçülərə malik olması səbəbindən onun daşınması mümkün olmadıqda), həmin izləri iz köçürən plyonkalarla götürmək və ya miqyaslı fotoşəkilçəkmə üsulu ilə fotoşəkillərini çəkmək, yaxud da basma götürərək (həcmi izlərdən) ekspertizaya göndərmək lazımdır.

Müqayisəli materiallar qismində ekspertə yoxlanılan şəxsin (şəxslərin) eksperimental əl izləri təqdim edilməlidir.

Barmaq falanqasının izlərini götürmək üçün həmin hissələr qara tipoqrafiya rəngləri ilə rənglənir və daktilokarta, yaxud da hamar ağ kağız üzərində sıxılaraq fırladılır. Eksperimental əl izləri aydın olmalı və papillyar xətlərin təsvirlərini tam əks etdirməlidir.

Ekspertizaya göndərilən maddi sübutlar səliqə ilə qablaşdırılmalı, möhürlənməli və üzərində müvafiq izahedici yazılar əks olunmalıdır. Qab maddi sübutların bütövlüyünün pozulması və izlərin zədələnməsi mümkünlüyünü istisna etməlidir.

Ekspertə təqdim edilən bütün müqayisəli materiallar qərarda göstərilir və əl izlərinin harada və kimdən (soyadı, adı və atasının adı) götürüldüyü göstərilməklə müstəntiq (hakim) tərəfindən təsdiq edilir.

2. İnsan ayaq izlərinin ekspertizası üzrə

Bu ekspertiza hadisə yerində iz qoymuş (ayaqqabı ilə, corabla, yalın ayaqla) şəxsin müəyyən edilməsi üçün aparılır.

İnsanın ayaq izlərinin məhkəmə-trasoloji ekspertizasının keçirilməsi üçün ekspertə aşağıdakılar təqdim edilməlidir:

-izlərin fotoşəkilləri (miqyaslı fotoşəkilçəkmə üsulu ilə çəkilmiş), həcmi izlərdən götürülmüş və gipsdən, «K», «SKTN» və s. pastalardan hazırlanmış basmalar, üzərinə səthi izlər köçürülmüş iz köçürən plyonkalar, mümkün olduqda predmetin özü və ya üzərində ayaq (ayaqqabı) izi olan hissəsi təqdim edilir;

-müqayisəli materiallar: ayaqqabı izinin tədqiq edilməsi üçün ayaqqabı təqdim  edilir və onun müəyyən şəxsə mənsub olması aydınlaşdırılır; əgər hadisə yerində yalın ayaqdan qalmış həcmi izlər aşkar edilirsə, onda şübhəli şəxsin eksperimental ayaq izlərindən götürülmüş 2-3 (iki-üç) basma təqdim edilir; əgər ekspertizanın obyekti yalın ayaqdan qalmış səthi izlərdirsə, onda ayağın tərlik hissəsindən götürülmüş eksperimental izlər təqdim edilir (bu izlər ayağın tərlik hissəsinin tipoqrafiya rəngi ilə rənglənərək ağ kağız üzərinə sıxmaqla götürülür).

Əgər iz corabda olan ayaqla qoyulmuşdursa, onda corabda olan ayağın eksperimental izlərindən götürülmüş basmalar təqdim edilir.

Əlavə olaraq iz qoyulan anda şübhəli şəxsin ayağında olması güman edilən corabların özləri də təqdim edilir.

Tədqiqat obyektlərinin yeriş yolu izləri olduğu hallarda şübhəli şəxsin yeriş yolunun 2-3 (iki-üç) analoji izi alınmalıdır. Bunun üçün həmin şəxsin ayağının tərlik hissəsinə tipoqrafiya rəngi çəkilir və kağız lent üzərində yerimək təklif edilir.

Ekspertizanın təyin edilməsi barədə qərarda müstəntiq (hakim) aşağıdakıları göstərməlidir: ekspertizaya göndərilmiş ayaqqabı, corab hadisədən nə qədər sonra götürülmüşdür, onlar götürülən ana qədər istifadə edilmişlərmi (nə qədər müddət ərzində), təmir olunmuşlarmı və təmizlənmişlərmi və s.

3.İnsan dişi izlərinin ekspertizası üzrə

İnsan dişi izlərinin ekspertizası ilə maddi sübut üzərində olan və hadisə yerində aşkar edilən diş izlərinin konkret şəxsə mənsub olub-olmaması müəyyən edilir.

Üzərində izlər aşkar edilmiş predmetin özü ekspertizaya təqdim edilməlidir. Əgər göstərilən predmetin (onun hissəsinin) götürülməsi və təqdim edilməsi mümkün deyildirsə, ekspertizaya izlər, onların hazırlanması mümkün olmadıqda isə miqyaslı fotoşəkilləri göndərilməlidir.

Eksperimental materiallar qismində ekspertə aşağıdakılar təqdim edilməlidir:

-şübhəli şəxsin plastik materiallar (plastilin, mum) üzərində alınmış eksperimental diş izləri;

-şübhəli şəxsin hər iki çənəsinin stomatoloq, diş texniki tərəfindən hazırlanmış modelləri.

Ekspertizaya göndərilmiş maddi sübutları, nümunələri elə qablaşdırmaq lazımdır ki, onların üzərində olan izlərin tamlığı pozulmasın.

4. Şəxsin paltarlarının (əlcəklərinin və s.) ekspertizası üzrə

Bu ekspertizanın əsas məqsədi konkret obyektlərin üzərində olan paltar izlərinin, həmçinin paltarlar üzərində olan zədələrin yaranma mexanizminin müəyyən edilməsi və eyniləşdirilməsindən ibarətdir.

Ekspertizaya predmetin özü, yaxud onun üzərində paltar izi olan hissəsi, bunlar mümkün olmadıqda isə miqyaslı fotoşəkilləri, müəyyən edilmiş şəxsin paltarları, həmçinin mexaniki zədələrin yetirildiyi alət (predmet) təqdim edilməlidir.

5. Sındırma alət və vasitələri izlərinin ekspertizası üzrə

Bu ekspertizanın əsas məqsədi hadisə yerindəki izlərin qoyulmuş olduğu alət və vasitələrin eyniləşdirilməsi, iz yaranmanın mexanizminin müəyyən edilməsidir.

Ekspertizaya aşağıdakılar təqdim edilməlidir:

- üzərində alət və vasitələrin izi olan predmet;

- hər hansı bir səbəbdən predmetin özünü bütövlükdə təqdim etmək mümkün olmadıqda, əvvəlcədən obyektin bütöv vəziyyətdə miqyas fotoşəklini çəkməklə və onun üzərində olan izlərin yerləşmə sahələri, ölçüləri göstərilən sxem tərtib etməklə həmin predmetin iz olan hissəsini təqdim etmək olar;

- izləri götürmək mümkün olmadıqda, onların basmaları;

- hadisə yerindən və ya şübhəli şəxsdən götürülmüş alət və vasitələr;

- hadisə yerinin müayinəsi və maddi sübutlara baxış keçirilməsinə dair protokollar.

Ekspertə iz qoymuş alət və vasitələrin saxlanılması şəraiti; cinayətin törədilməsindən sonra onlardan istifadə edilib-edilməməsi; həmin alət və vasitələr hadisə törədilməsi anından sonra düzəlişə məruz qalıb-qalmaması barədə məlumat verilməlidir.

Alət və vasitələr üzərində kənar predmetdən qalmış hissəciklər aşkar edildikdə, müstəntiq onların qorunub  saxlanılması üçün tədbir görməli və bu hissəciklərin mənşəyi və növünün müəyyən edilməsi üçün məhkəmə-trasoloji ekspertizasından başqa digər kriminalistik ekspertiza təyin etməlidir.

Ekspertizaya qıfılların özləri, onları açmaq və ya sındırmaq üçün istifadə edilə bilən predmetlər, həmçinin bu qıfılların açarları təqdim edilməlidir.

Qıfılların üzərində olması güman edilən izləri qorumaq və əlavə izlərin yaranmasının qarşısını almaq məqsədi ilə ekspertizaya göndərilənə qədər bu qıfılların açar yuvalarına açar və ya digər predmet salmaq qəti olaraq qadağan edilir.

Ekspertizaya tədqiqat obyektləri, həmçinin relyef işarələrinin məhv edilməsi (dəyişdirilməsi) üçün dəyişdirilə biləcək predmetlər təqdim edilməlidir.

6. Kütləvi istehsal məmulatlarının ekspertizası üzrə

Kütləvi istehsal məhsullarının məhkəmə-trasoloji ekspertizasının əsas məqsədləri ayrı-ayrı obyektlərin oxşar obyektlər qrupuna məxsusluğunu, təqdim edilən obyektin hazırlanma üsulunu və mənbəyini müəyyən etmək üçün aparılır.

Kütləvi istehsal məmulatlarının məhkəmə-trasoloji ekspertizasına tədqiq edilməli olan məmulatlar, qəliblər və ştamplar və s. təqdim edilməlidir. Əgər sonuncuları ekspertizaya göndərmək mümkün deyildirsə, onda müqayisəli tədqiqat üçün həmin qurğularda  məmulatların eksperimental nümunələri alınmalıdır.

7. Tamın hissələrə görə müəyyən edilməsi ekspertizası üzrə

Bu ekspertiza tədqiq edilmiş obyektin (qırıntıların, qəlpələrin və s.) eyni bir predmetin, bütöv bir tamın hissələri olub-olmamasını aydınlaşdırmaq üçün aparılır.

Ekspertizaya eyni predmetin hissələri olması ehtimal edilən bütün obyektlər təqdim edilməlidir. Onların bir-birinə qarışmasının və əlavə olaraq zədələnməsinin qarşısını almaq məqsədi ilə hər biri ayrı-ayrılıqda qablaşdırılmalıdır.

8. Soyuq silahın ekspertizası üzrə

Soyuq silahın ekspertizası tədqiq edilən obyektin soyuq silahlara aid olub-olmamasının növünü və hazırlanma  üsulunu müəyyən etmək məqsədilə aparılır.

9. Nəqliyyat vasitələrinin izlərinin ekspertizası üzrə

Bu ekspertizanın məqsədi nəqliyyat vasitəsinin izlərinin olmasını, onların əmələ gəlmə mexanizmini müəyyən etməkdən, zərərçəkənin paltarları üzərində olan zədələrə, nəqliyyat vasitəsinin ayrı-ayrı detallarına və s. görə nəqliyyat vasitələrinin diaqnostik və eyniləşdirmə tədqiqatlarını aparmaqdan ibarətdir.

Ekspertizaya aşağıdakılar təqdim edilməlidir:

- Nəqliyyat vasitəsi və ya onun detalları;

- Hadisə yerində aşkar edilmiş nəqliyyat vasitəsinin detalları (bolt, qayka, fara çərçivəsi, fara şüşəsinin qırıqları, rəng-boya örtüyünün hissəcikləri və s.);

- Əgər piyada nəqliyyat vasitəsi ilə vurulmuşdursa, onun paltarları;

- Məhkəmə-tibb ekspertizasının rəyi;

- Miqyaslı fotoşəkillər;

- Cinayət işinin materialları;

- Hadisə yerində aşkar edilmiş nəqliyyat vasitəsinin hərəkət səthindən qalmış izlərin basmaları.

Müqayisəli tədqiqat üçün nümunələr qismində aşağıdakılar təqdim edilməlidir:

- Şübhəli avtomobilin şininin protektor naxışının sıxmasının bir neçə nüsxəsi;

- Şübhəli avtomobilin zədələnmiş detalları;

- Şübhəli avtomobildə olan zədələrin miqyaslı fotoşəkilləri.

Ekspertə aşağıdakılar barədə məlumat verilməlidir: yol-nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsi təmir olunmuşdurmu; nəqliyyat-vasitəsi rənglənmişdirmi; onun detalları dəyişdirilmişdirmi və s.

10. Heyvanın ayaq (nal) və diş izlərinin ekspertizası üzrə

Heyvanın ayaq (nal) və diş izlərinin ekspertizası üzrə aşkar edilən izlərin heyvan izləri olub-olmamasını, həmin izlərin konkret heyvana məxsusluğunu müəyyən etmək üçün aparılır.

Ekspertizaya aşağıdakılar təqdim edilir:

- Tədqiq edilən izlərin basmaları;

- Miqyaslı fotoşəkillər.

Müqayisəli tədqiqat üçün nümunələr qismində barəsində suallar qoyulmuş heyvanın eksperimental izlərinin basmaları təqdim edilməlidir.

ƏVVƏLƏ QAYIT
Bağla Yaxınlaşdır