Sənədlərin texniki ekspertizası

Ekspertizanı aparan şəxs
Mübariz Rüstəm oğlu Mirzəyev

Mübariz Rüstəm oğlu Mirzəyev

Trasoloji, xətşünaslıq və sənədlərin texniki ekspertizası üzrə ekspert

Sənədlərin texniki ekspertizası

Sənədlərin məhkəmə-texniki ekspertizası sənədin hansı üsulla hazırlanmasını, məzmununun dəyişdirilməsi və üsulunun müəyyən edilməsini, sənədin ilkin vəziyyətinin müəyyən edilməsini, hazırlanma vaxtının təyin edilməsini, hazırlanmasında istifadə edilən alətlərin, vasitələrin, ləvazimatların və materialların müəyyən edilməsi, həmçinin onun icraçısının eyniləşdirilməsi məqsədilə aparılır.

Sənədlərin məhkəmə-texniki ekspertizasının təyini haqqında qərarda (qərardadda) sənədin və onun hansı hissəsinin, yaxud da hansı imzanın tədqiq olunması dəqiq göstərilməlidir (tarixi, nömrəsi, hansı sözlərlə həmin sənəd başlanır və qurtarır, imzanın yerləşməsi və s.).

Sənədlərin məhkəmə-texniki ekspertizasına materialların göndərilməsi və tərtibi zamanı aşağıdakı qaydalara riayət edilməlidir:   

- tədqiq olunan sənədlər aşkar olunmuş vəziyyətdə tədqiqata təqdim olunmalıdır; iş materiallarına tikməmək şərti ilə onlar ayrı konvertlərdə (paketlərdə) saxlanılmalıdırlar; onların üzərində hər-hansı bir qeydiyyat, düzəliş, göstərici qeyd oluna bilməz; sənədlər xarici mühütün (işıq, nəmlik, hərarət) hər hansı bir təsirindən qorunmalıdır;

- tədqiq olunan sənədlərin köhnəlmiş və yaxud cırılmış hissələrini bir-birinə yapışdırmaq olmaz. Belə sənədləri leykoplastırla, yaxud yapışqan lentlə haşiyələndirilmiş iki şüşənin və nazik şəffaf təbəqənin arasında saxlanılması zəruridir;

- yandırılmış sənədlərə xüsusi ehtiyatla yanaşmaq lazımdır. Onları içərisi pambıqla döşənmiş qutulara yerləşdirmək, yumşaq, məs; papiros kağızı ilə üstünü örtmək daha məqsədəuyğundur;

- möhür və ştampların əksləri üzrə eyniləşdirmə tədqiqatı zamanı təqdim olunan obyektlərlə bərabər, tədqiq edilən möhür və ştampların 5-8 (beş-səkkiz) eksperimental əksləri ekspertizaya göndərilməlidir;

- eksperimental nümunə qismində tədqiq olunan əkslərin rənglərinin intensiv dərəcəsi, istiqaməti və basma gücü (yuxarı sağ kağızın üst hissəsinə perpendikulyar və s.) müxtəlif olmalıdır, həmin əks nümünələr götürülərkən müxtəlif (yumşaq, bərk) altlıqlardan istifadə edilməlidir;

- əgər tədqiq olunan sənədin tərtibindən xeyli vaxt keçmişdirsə (2-3 (iki-üç) ildən çox), ekspertizaya təqdim olunan həmin möhür əkslərinin nümünələri tədqiq olunan sənədin tərtib olma vaxtına uyğun olmalıdır;

- yazı makinalarının, nəzarət kassa maşınlarının, rabitə-texniki cihazların və başqa işarə çap edən vasitələrin eyniləşdirilməsi üçün tədqiq olunan sənədin tarixinə uyğun olan nümunələr təqdim olunan sənədlərlə birlikdə ekspertə təqdim olunmalıdır. Həmçinin, təqdim olunan mətnin eksperimental nümunələri məzmunca eyni olmalıdır. Həmin maşında və cihazda çap olunmuş bütün işarələrin 5-6 (beş-altı) vərəqədə əksləri (surətçıxarma lentlə və lentsiz) ekspertə təqdim olunmalıdır.

Ekspertizanın təyin edilməsi haqqında qərarda (qərardadda) aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

- tədqiq olunan sənədin hazırlanma vaxtından sonra həmin maşının (cihazın) təmirə məruz qalıb-qalmaması; əgər təmir olunubdursa, şrift və ya ayrı-ayrı  işarələrin dəyişdirilib-dəyişdirilməməsi və s.;

- makinada çap olunmuş sənədlərin icra vaxtının müəyyən edilməsində, müqayisəli material qismində konkret yazı makinasında onun tam istifadə ediləsi vaxtında çap olunmuş mətinlərin təqdim edilməsi zəruridir;

- çap olunma formalarının eyniləşdirilməsi üçün çap olunma formanın özünü, yaxud ağ hamarlanmış  kağız üzərində icra edilmiş həmin formanın əksləri təsdiq olunmalıdır;

- sənədin materiallarının eyniləşdirilməsi üçün mürəkkəb tuşun, boya saxlayan həcmlər, qələmlər, qələm ucu, karandaşlar və kağız bağlamalar təqdim olunarkən eyniləşdirmənin məqsədi mütləq göstərilməlidir.

Sənədlərin texniki tədqiqatının əsas obyekti yazılı sənəddir.

Sənədlərin texniki ekspertizasının bilavasitə tədqiqat obyektinə aşağıdakılar aiddir:

- sənədin materialları, yəni sənədin əsası (ən çox kağız); cizgilərin maddələri (mürəkkəb, karandaş, tuş, köçürmə kağızının boyası, ştempel boyası, mətbəə boyası, rəsm boyaları, diyircəkli qələm pastaları); yapışdırıcı maddələr;

- sənədin məzmunu, mətni daxil olmaqla (bura sənədin adı, sayı və tarixi daxildir), imzalar, möhür və ştamp əksləri, qeydlər, işarələr;

- sənədin hazırlanmasında iştirak edən iz yaradan səthlər (mətbəə dəsti, yazı makinaları, möhür və ştamplar, qələm ucları, diyircəkli qələmlər, karandaşlar, kassa aparatları, komposterlər və s.). Ölçü və həcmcə çox böyük olduğuna, yaxud idarələrdə istifadə edildiyinə görə, sadalanan əşyaların bəzilərinin ekspertə bilavasitə tədqiqat üçün göndərilməsi məqsədəuyğun sayılmır. Belə hallarda onlarda çap edilən əks nümunələri obyekt olur;

- sənədin məzmununun anlayışına daxil olan obyektlərə oxşar qeyri-adi predmetdə yerləşən obyektlər.

Sənədlərin məhkəmə-texniki ekspertizasının təyini zamanı işin hallarından və tədqiqat obyektlərinin xarakterindən asılı olaraq aşağıdakı kimi suallar qoyulur:

Sənədlərin blanklarının tədqiqi üzrə

- Sənədlərin və ya onun  blankı hansı üsulla (əllə, yoxsa mətbəə şəraitində) hazırlanmışdır?

- Sənədlərin blankları hazırlanarkən mətbəə qaydalarına riayət edilmişdirmi?

- Tədqiqata göndərilən sənədlərin blankları eyni üsullamı və hansı klişe ilə hazırlanmışdır?

- Tədqiqata göndərilən sənədlərin blankları hansı çap üsulu ilə (hündür, dərin, səthi, trafaret) hazırlanmışdır?

- Sənədlərin blankları hazırlanarkən çap formalarından istifadə olunmuşdurmu, əgər olunmuşdursa, hansından?

- Sənədlərin blankları hazırlanarkən mətbəədə yığılmış mətnlərdən istifadə olunmuşdurmu, əgər olunmuşdursa hansından (əllə, linotip)?

- Sənədlərin blankları hazırlanarkən neçə növ şriftlərdən yığılmış mətnlərdən istifadə olunmuşdur?

- Sənədlərin blankları eyni klişe ilə nəşr edilmişdirmi?

- Sənədlərin blankları konkret (göstərilən) mətbəədə nəşr edilmişdirmi?

- Sənədlərin blanklarının nəşr olunma vaxtı müəyyən edilsin;

- Sənədin blankları hazırlanarkən konkret şəxsdən götürülmüş şrift və ya başqa materiallardan istifadə olunmuşdurmu?

Möhür, ştamp, ştempellərin tədqiqi üzrə

- Tədqiqata təqdim edilən möhür (ştamp, ştempel) hansı: əllə, yoxsa mətbəə üsulu ilə hazırlanmışdır?

- Təqdim olunan möhür, ştamp və ştempellərin hazırlanmasında eyni və ya müxtəlif şriftlərdən istifadə olunmuşdurmu?

- Təqdim olunan sənəddəki (sənədlərdəki) möhür (ştamp, ştempel) əksləri hansı üsulla hazırlanmış möhürlə (ştamp, ştempel) vurulmuşdur?

- Möhür (ştamp, ştempel) əksi sənəd üzərinə hansı üsulla (başqa sənəddə olan möhür əksindən köçürülməklə, köçürmə kağızı vasitəsi ilə icra olunmaqla, şəkli çəkilməklə, çoxaldıcı vasitələrdən istifadə olunmaqla) köçürülmüşdür?

- Sənədlərin üzərində möhür (ştamp, ştempel) əksləri eyni bir klişedən vurulmuşdurmu?

- Təqdim olunan sənəddəki möhür (ştamp, ştempel) əksi əks nümunələri təqdim olunmuş konkret idarə, müəssisə və təşkilata məxsus olan möhürlə (ştamp, ştempel) vurulmuşdurmu?

- Möhür (ştamp, ştempel) əksi içərisində hansı məzmunda mətn vardır?

- Etiketlərin arxa hissələrindəki rəqəmlər konveyer rəqəmlərinə uyğundurmu, nümunələri təqdim olunan konkret konveyerə aid ştempellə vurula bilərmi?

- Etiketlərin arxa hissələrindəki rəqəmlər konkret şəxsdən götürülmüş nömrələyici ilə vurula bilərmi?

Makina yazılarının tədqiqi üzrə

- Sənədin (sənədlərin) icra olunduğu yazı makinası hansı sistem markaya aiddir və şriftləri hansı növə aiddir?

- Mətn konkret (adını göstərməli) makina ilə çap olunmuşdurmu?

- Mətn və ya onun bir hissəsi eyni və ya müxtəlif makinalarda çap olunmuşdurmu?

- Tədqiq olunan mətn müqayisəli tədqiqat aparmaq üçün yazı nümunələri təqdim olunmuş yazı makinalarından hansında çap olunmuşdur?

- Tədqiq olunan konkret yazı, makina təmir olunandan əvvəl, yoxsa sonra çap olunmuşdur?

- Təqdim olunan mətn müqayisəli tədqiqat aparmaq üçün sərbəst və eksperimental makina yazılarının nümunələri göndərilən hansı şəxs tərəfindən icra olunmuşdur?

- Təqdim olunan makina yazısının mətni eyni və ya müxtəlif şəxslər tərəfindən icra olunmuşdurmu?

- Yazı makinasında köçürmə kağızı vasitəsilə icra olunmuş sənəd müqayisə aparmaq üçün təqdim olunan sənədin surətidirmi?

- Təqdim olunan 3 (üç) nüsxədən ibarət qaimə yazı makinasında köçürmə kağızı vasitəsilə eyni üsulla, birbaşa icra olunmuşdurmu?

- Makinada icra olunmuş sənədin mətni hər hansı bir rəqəm, hərf, söz əlavə edilməklə dəyişdirilmişdirmi?

- Təqdim olunan makina yazısının mətni neçənci nüsxədir?

- Mətnin icrasında konkret makina yazı lentindən istifadə olunmuşdurmu?

Elektron hesablama maşınlarının və onların çap məhsullarının tədqiqi üzrə

- Mətnin çap olunduğu printerin tipi, markası və modeli müəyyənləşdirilsin.

- Təqdim olunan mətnin məzmununda dəyişikliklər olunmuşdurmu, əgər olunmuşdursa, onun ilkin məzmunu necə olmuşdur?

- Təqdim olunan mətni icra edənin vərdişi necədir (aşağı, yüksək)?

- Təqdim edilən sənədə əlavə olunmuş qeydin müddətini müəyyənləşdirmək mümkündürmü?

- Təqdim olunan mətn nümunələri təqdim olunmuş hansı printer vasitəsilə icra edilmişdir?

- Təqdim olunan mətn icra olunduğu zaman hərfdaşıyıcılar dəyişdirilmişdirmi?

- Təqdim olunan mətn eyni çap proqramında hazırlanmışdırmı?

- Mətnin icrası zamanı eyni rəngləyicidən istifadə olunmuşdurmu?

Sənədlərin əvvəlki məzmunlarının dəyişdirilmə faktının tədqiqi üzrə

- Sənədin mətni hər hansı, bir dəyişikliyə (mexaniki və ya kimyəvi üsulla pozma, əlavə etmə, üstündən düzəltmə və s.) məruz qalmışdırmı?

- Sənədin mətni silinmişdirmi, əgər silinmişdirsə, onda əvvəlki məzmun necə olmuşdur?

- Sənədin mətni kimyəvi pozulmaya məruz qalmışdırmı, əgər qalmışdırsa, onda hansı məzmunda mətn pozulmuşdur?

- Kimyəvi pozulmada hansı maddələrdən istifadə olunmuşdur?

- Sənəd bütövlükdə yuyulmuşdurmu, əgər yuyulmuşdursa, onda əvvəlki məzmunu necə olmuşdur?

- Sənədin məzmununa hər hansı bir söz, rəqəm, cizgi əlavə edilmişdirmi, əgər edilmişdirsə, əlavə hansı məzmundadır?

- Sənədin məzmunundakı söz və rəqəmlər üstdən düzəltməklə dəyişiklik edilmişdirmi?

Sənədlərin görünməyən mətnlərinin tədqiqi üzrə

- Sənəddə görünməyən (simpatik) mürəkkəblə icra olunmuş hər hansı bir yazı vardırmı, onların məzmunu nədir?

- Rəngsizləşmiş, mürəkkəblə, tuşla qaralanmış mətnin məzmunu necədir?

- Köçürmə kağızının köməyi ilə yazılmış mətnin məzmunu həmin kağız üzərindəki cizgilərə görə müəyyən edilsin.

- Mətnin məzmunu sənədin tərtib olunduğu zaman alt hissəyə qoyulmuş kağızın və ya hər hansı bir predmetin üzərində qalmış cizgilərə görə müəyyən edilsin.

- Suçəkən kağız üzərindəki izlərə görə sənəddəki yazıların məzmunu müəyyən edilsin.

- Təqdim edilən təmiz kağız üzərində sənəddən keçmiş yazı izləri vardırmı?

- Yuyulmaya məruz qalmış predmet üzərində əvvəlcə hansı qeydlər olmuşdur?

Zədələnmiş (kəsilmiş, yanmış və s.) sənədlərin tədqiqi üzrə

- Tədqiqata təqdim edilən kağız hissələri əvvəllər bütövlük təşkil etmişdirmi?

- Kəsilmiş sənədin mətni necə olmuşdur?

- Yanmış hissələr hansı sənədin hissələridir?

- Yanmış sənədin məzmunu necə olmuşdur?

- Təqdim edilən kül yığımına görə pulun məbləğini müəyyən etmək mümkündürmü?

- Yanmış pullar hansı  dəyərdə əsginaslar olmuşdur?

- Təqdim edilən hissələrə görə hansı sənədlərin (pul nişanlarının və s.) yandırıldığını müəyyən etmək mümkündürmü?

Sənədin hissələrinin xronoloji ardıcıllığının və onların hazırlanma vaxtının tədqiqi üzrə

- Sənədin mətni hazırlanandan sonra oraya hər hansı bir müəyyən cizgi, işarə və ya söz əlavə olunmuşdurmu?

- Sənədin mətni və onunla kəsişən imzadan hansı əvvəl icra olunmuşdur?

- Sənədin mətni və onunla kəsişən möhür əksindən hansı əvvəl olmuşdur?

- Möhür  əksi və onunla kəsişən imzadan hansı əvvəl icra olunmuşdur?

- Bir-biri ilə kəsişən iki imzadan hansı əvvəl icra olunmuşdur?

- Bir-biri ilə kəsişən iki mətndən hansı əvvəl icra olunmuşdur?

- Sənədin üzərindəki mətn (imza, möhür əksi) həmin sənəd qatlandıqdan sonra və ya əvvəl icra olunmuşdur?

- Əlavə olunan qeyd, sənədin hər hansı bir hissəsi qatlandıqdan sonra icra olunmuşdurmu?

- Köçürmə kağızı vasitəsilə icra olunmuş qaiməyə hər hansı bir söz əlavə olunmuşdurmu? Bir neçə nüsxədən ibarət olan qaimədə bütün sözlər eyni vaxtda icra olunmuşdurmu?

- Qeydiyyat jurnalındakı bütün yazılar eyni vaxtda, yoxsa müxtəlif vaxtlarda icra olunmuşdur?

- Sənədin icra olunmasının nisbi müddətini müəyyən etmək mümkündürmü, mütləq müddət müəyyən oluna bilərmi?

- Sənədin icra olunduğu vaxt, onun kağızının, blankının, yazı materiallarının istehsal olunduğu vaxta uyğun gəlirmi?

İmzaların texniki tədqiqi üzrə

- Tədqiq olunan imza, hər hansı bir imzadan texniki vasitələrin  köməyi ilə (sürətköçürmə kağızından, işıq altında köçürmədən, fiziki təsir etməkdən, kalka kağızından istifadə etməklə) köçürülmüşdürmü?

- Tədqiq olunan imzanın hazırlanmasında hər hansı bir qurğudan (elektroqrafiya, fotoqrafiya) istifadə olunmuşdurmu?

- Tədqiq olunan imza müqayisəli tədqiqat aparmaq üçün təqdim olunmuş  sənəddəki imzadan köçürülmüşdürmü?

Pul və qiymətli kağızların tədqiqi üzrə

- Tədqiqata təqdim edilən pul əskinasları, istiqraz vərəqələri, qiymətli kağızlar və s. hazırlanması üsuluna görə standarta uyğundurmu?

- Əgər həmin sənədlər standarta uyğun deyildirsə, onda  hansı üsulla hazırlanmışdır?

- Təqdim olunan sənədlərin hazırlanmasında eyni üsuldan istifadə olunmuşdurmu?

- Təqdim olunan pul əskinasları eyni mətbəədə, eyni yığım üsulu ilə və eyni klişedən istifadə olunmaqla hazırlanmışdırmı?

- Təqdim edilən pul nişanları şübhəli şəxsdən götürülmüş klişenin köməyi ilə hazırlanmışdırmı?

- Təqdim olunan pul nişanlarının hazırlanmasında eyni materialdan (rəng, kağız) istifadə olunmuşdurmu?

- Pul nişanlarının hazırlanması zamanı şübhəli şəxsdən göturulmuş materiallardan istifadə olunmuşdurmu?

- Təqdim edilən pul əskinaslarının, istiqraz vərəqələrinin hər hansı bir fraqmenti sonradan dəyişdirilmişdirmi?

- İlkin seriya, nömrə və məbləğ neçə olmuşdur?

- Təqdim edilən pul nişanlarının, istiqraz vərəqələrinin hər hansı rekviziti sonradan yapışdırılmaqla dəyişdirilmişdirmi?

Təkrar yapışdırmanın tədqiqi üzrə

- Təqdim edilən sənəddəki fotoşəkil təkrar yapışdırılmaya məruz qalmışdırmı?

- Sənəddəki fotoşəkil tam dəyişdirilmişdir, yoxsa onun bir hissəsi dəyişdirilmişdir?

- Sənədin məzmunu sonradan yapışdırılma üsulu ilə dəyişdirilmişdirmi, əgər dəyişdirilmişdirsə, onda məhz hansı yazılar dəyişdirilmişdir?

- Sənəddəki yazılar onun üzərinə sonradan yapışdırılmışdırmı?

- Zərfin ağzı sonradan yapışdırılmaya məruz qalmışdırmı?

- Zərfin üzərindəki markalar sonradan (təkrar) yapışdırılmaya məruz qalmışdırmı?

Kassa qəbzlərinin tədqiqi üzrə

- Kassa qəbzlərindəki işarələr dəyişdirilmişdirmi?

- Həmin dəyişikliklər hansı üsulla edilmişdir?

- Qəbzdə əvvəlki işarələrin məzmunu necə olmuşdur?

- Qəbzlərin nəşr olunduğu kassa aparatı hansı tipdən və növdəndir?

- Təqdim olunan qəbzlər, nümunəsi tədqiqata göndərilən kassa aparatında nəşr oluna bilərmi?

- Kassa qəbzlərinin nəşr olunma vaxtını müəyyən etmək olarmı?

- Təqdim olunan qəbzlərin kağızı bu məqsədlər üçün istifadə olunan kağıza uyğundurmu?

- Təqdim olunan kassa qəbzlərinin üzərindəki işarələr eyni vaxtda, eyni kassa aparatında icra olunmuşdurmu?

Komposter işarələrinin tədqiqi üzrə

- Təqdim olunan biletdəki komposter işarələri dəmiryol biletlərini nişanlayan komposterlə və ya başqa bir komposterləmi edilmişdir?

- Əgər dəmiryol biletlərini nişanlayan komposterlə edilməmişdirsə, onda hansı üsulla edilmişdir?

- Təqdim olunan biletdəki komposter işarələri bu və ya başqa komposterlə edilmişdirmi?

- Təqdim edilən biletdəki komposter işarələri numunələri tədqiqata göndərilən komposterlə edilmişdirmi?

Yazı alətinin tədqiqi üzrə

- Təqdim edilən sənəddəki mətn, imza və s. hansı növ yazı aləti (avtomat qələm, diyircəkli qələm pastası, flomaster vasitəsilə və s.) ilə icra edilmişdir?

- Mətn təqdim olunan karandaşlardan hansı ilə yazılmışdır?

- Təqdim olunan sənədin mətni hansı pero ilə yazılmışdır?

- Sənədin mətni eyni və ya müxtəlif pero və ya diyircəkli qələm pastası ilə yazılmışdırmı?

- Sənədin mətni təqdim edilən pero və ya diyircəkli qələm pastası ilə yazılmışdırmı?

Sənədin materiallarının (kağız, rəng, yapışqan və s.) tədqiqi üzrə

- Təqdim edilən sənədlərin hazırlanmasında eyni növ kağızdan istifadə edilmişdirmi?

- Təqdim edilən kağızlar bir dəftərin vərəqləri və ya eyni bir bütöv vərəqin hissələri olmuşdurmu?

- Hissələrə ayrılmış kağız qırıntıları eyni tərkiblidirmi və hansı növə aiddir?

- Tədqiq olunan sənədin kağızı müqayisəli tədqiqat aparmaq üçün təqdim edilən kağıza uyğundurmu?

- Təqdim edilən kağız hissəsi və qalıqları eyni bir vərəqin hissələridirmi?

- Təqdim olunan sənəd eyni növlü yazı materialları ilə icra olunmuşdurmu?

- Müqayisə olunan mətnlər nə ilə (mürəkkəblə, diyircəkli qələm pastası ilə, flomasterlə, köçürmə kağızı  və ya makina lenti vasitəsilə) icra olunmuşdur?

- Müqayisə edilən sənədlərin mətnləri eyni və ya müxtəlif mürəkkəblə (pasta və s.)  icra olunmuşdurmu?

- Tədqiq olunan sənədin mətninin müəyyən bir hissəsi başqa mürəkkəblə icra olunmuşdurmu?

- Tədqiq olunan sənədin mətni, onun bir hissəsi və ya oradakı imzalar hansı növlü və tərkibli yazı vasitəsilə icra olunmuşdur?

- Tədqiq olunan sənəddəki yazılar təqdim olunan qələmdəki, mürəkkəb qabındakı mürəkkəblə (tuşla) icra olunmuşdurmu?

- Müqayisə olunan sənədləri hazırlamaq üçün eyni üz köçürmə kağızından, eyni makina lentindən istifadə olunmuşdurmu?

- Təqdim olunan sənəddəki yapışqan hansı növə aiddir?

- Təqdim olunan yapışqan maddələri eyni mənşəyə malikdirmi?

- Təqdim olunan sənəddə bir və ya neçə yapışqan təbəqəsi vardırmı?

Məhkəmə-fototexniki ekspertizası üzrə

- Təqdim edilən lent (ayrıca neqativ) göstərilən fotoaparatda işlədilmişdirmi?

- Təqdim edilən neqativlər (lent, plastinka) göstərilən kasetdə işlədilmişdirmi?

- Təqdim edilən iki (və ya çox) lentlər eyni və ya həmin fotoaparatda (və ya eyni kasetdə) işlədilmişdirmi?

- Təqdim edilən fotoşəkillər göstərilən reproduksiya qurğusundan istifadə etməklə hazırlanmışdırmı?

- Təqdim edilən fotoşəkillər göstərilən böyüdücüdən, kvadratlaşdırıcı çərçivədən istifadə etməklə hazırlanmışdırmı?

- Təqdim edilən fotoşəklin hazırlanmasında göstərilən kəsicidən, quruducudan istifadə edilmişdirmi?

- Təqdim edilən fotoşəkillər göstərilən neqativdən hazırlanmışdırmı?

- Təqdim edilən neqativdə (fotoşəkildə) həmin original əks olunmuşdurmu?

- Şəkillərdə əks olunmuş bu və ya digər obyektin ölçüsü nə qədərdir?

- Şəkildə əks olunmuş iki obyekt bir-birindən hansı məsafədədir?

- Şəkil hansı (təbii və ya süni) işıqda çəkilmişdir?

- Fotoşəkil əlavə emal olunmuşdurmu, əlavə şəffaflıq və ton verilmişdirmi, şəffaflaşdırılma hansı üsulla aparılmışdır?

- Şəklin hazırlanmasında neqativ və ya tuşlaşdırmadan istifadə olunmuşdurmu?

- Şəkillərdə əks olunmuş obyektlər naturadan çəkilmişdir, yoxsa reproduksiya edilmişdir?

- Təqdim edilən şəkil fotoqrafiya prosesləri texnologiyasına riayət edilməklə hazırlanmışdır?

- Təqdim edilən fotoşəklin hazırlanmasında hansı tip və  hansı növ fotokağızdan istifadə edilmişdir?

- Təqdim edilən fotoşəkil kağızı şübhəli şəxsdən tapılmış kağızla eynidirmi?

- Təqdim edilən fotoşəklin hazırlanmasında hansı növ aşkarlayıcıdan istifadə edilmişdir?

- Təqdim edilən fotoşəkildəki (neqativdəki) əksi bərpa etmək mümkündürmü?

- Üzəri maddə ilə örtülmüş fotoşəkildəki əksi bərpa etmək mümkündürmü?

- Təqdim edilən fotoşəkil nə vaxt (hansı dövrdə) hazırlanmışdır (hazırlana bilərdi)?

- Təqdim edilən şəkillər eyni bir dövrdə hazırlanmışdırmı (hazırlana bilərdimi)?

ƏVVƏLƏ QAYIT
Bağla Yaxınlaşdır