Mühasibatlıq ekspertizası
Ekspertizanı aparan şəxs
Yasin Rza oğlu Şirinov
Mühasibatlıq ekspertizası üzrə ekspert
Məhkəmə-mühasibat ekspertizasının əsas vəzifəsi onun hesabatlarda və hesabat prosesində neqativ kənarlaşmaların müəyyən edilməsi məqsədilə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsinin vəziyyətini öyrənməkdən ibarətdir.
Bu ekspertizanın tədqiqat obyektləri aşağıdakılardır:
- əmtəə-material qiymətlərin və pul vəsaitlərinin hərəkətini əks etdirən ilkin mədaxil-məxaric sənədləri;
- hesabatlar (material hesabatları, istehsal hesabatları, əmtəə-pul hesabatları və s.);
- dövriyyə cədvəlləri, yığım cədvəlləri;
- maddi məsuliyyət barədə müqavilələr;
- anbar uçotu kartoçkaları, (zabor-limit vərəqələri);
- inventarlaşdırma siyahıları (təhvil-təslim aktları), onların nəticələri ilə əlaqədar tərtib olunmuş üzləşmə cədvəlləri;
- təbii itkinin tətbiqi ilə əlaqədar aparılmış hesablamalar;
- əmtəə-material qiymətlilərinin silinməsi ilə əlaqədar tərtib olunmuş aktlar;
- materialların qiymətlərinin aşağı salınması və ya yenidən qiymətləndirilməsi haqqında tərtib olunmuş aktlar;
- mal göndərən təşkilatlarla mal alan təşkilatlar arasında qarşılıqlı üzləşmələrin aparılması barədə aktlar;
- kassada qəflətən yoxlamaların aparılması barədə aktlar;
- yerinə yetirilmiş işlərin qəbuluna dair və eləcə də nəzarət ölçüsü barədə aktlar;
- mütəxəssislər tərəfindən aparılmış sənədli təftiş nəticəsində tərtib olunmuş aktlar;
- orderlər jurnalı, baş kassa kitabı, kassa mədaxil və məxaric orderləri;
- izahatlar, maddi-məsul şəxslərin və vəzifəli şəxslərin dindirilməsi protokolları, əmrlər, arayışlar, mühasibat uçotuna dair digər sənədlər;
- kredit və girov müqavilələri;
- qarant öhdəlikləri və ya zəmanət məktubları;
- müddətli öhdəliklər;
- ödəmə tapşırıqları;
- bank çıxarışları;
- müəssisənin banka olan borcu haqqında məlumat;
- kredit vəsaitinin ödənilməsi barədə tərtib edilmiş mühasibat sənədləri;
- müəssisənin (borc alanın) ilkin mühasibat sənədləri və hesabatları və s.
Məhkəmə-mühasibatlıq ekspertizasının təyini zamanı işin hallarından və tədqiqat obyektlərinin xüsusiyyətlərindən asılı olaraq aşağıdakı kimi suallar qoyula bilər:
İqtisadiyyatın müxtəlif sahələrində baş verən cinayət işləri üzrə
- Əmtəə-material qiymətlilərinin çatışmazlığının və artıqlığının dəqiq məbləği müəyyən edilsin.
- Artıqlıq və çatışmazlıq kimi aşkar olunan material qiymətlilərin nələrdən ibarət olması və onların miqdarı müəyyən edilsin.
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin sənədli təftişinin və ya inventarlaşdırılmasının qüvvədə olan Təlimatın tələblərinə uyğun aparılıb-aparılmadığı müəyyən edilsin.
- Kassada pul vəsaiti çatışmazlığının və ya artıqlığının olub-olmaması müəyyən edilsin.
- Kassada çatışmazlığın əmələgəlmə səbəbləri və dövrü müəyyən edilsin.
- Çatışmazlıq və artıqlığın, ilkin mühasibat sənədləri üzrə, kimin öhdəsində əmələ gəlməsi müəyyən edilsin.
- Çatışmazlıq və artıqlığın hansı vəzifəli şəxslərin işlədikləri dövrdə əmələ gəldiyi müəyyən edilsin (hər birinin ayrı-ayrılıqda işlədikləri dövr üzrə məbləğlər).
- Material qiymətlərin çatışmazlığından dövlətə dəymiş ziyanın məbləği müəyyən edilsin.
- Əmtəə-material qiymətlərin mədaxil və məxaricinin düzgünlüyü müəyyən edilsin.
- Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsinin və onların qüvvədə olan normativ aktlara, mühasibat uçotunun hesabat qaydalarına müvafiq olub-olmaması müəyyən edilsin.
- Maddi ziyanın yaranmasına və onun vaxtında aşkar edilməməsinə şərait yaratmış mühasibat uçotu və nəzarəti qaydalarının pozulması hallarına yol verilib-verilmədiyi müəyyən edilsin.
- Müəssisənin maliyyə və təsərrüfat fəaliyyətinin vaxtında təftiş edilib-edilməməsi müəyyən edilsin.
- Müəssisənin mühasibatlığı tərəfindən əməliyyatların aparıldığı müəssisələrlə qarşılıqlı üzləşmələrin keçirilib-keçirilmədiyi müəyyən edilsin.
- Kassada qəfləti yoxlamaların aparılıb-aparılmadığı müəyyən edilsin.
- Bankdan alınmış və kənar mənbələrdən daxil olmuş pul vəsaitlərinin tam vaxtında mədaxil olunub-olunmaması müəyyən edilsin.
- Tikinti-texniki ekspertizasının rəyinə əsasən, aparılmış tikinti işlərinin həcminin artırılması ilə əlaqədar hansı məbləğdə əmək haqqının ödənildiyi və tikinti materiallarının silindiyi müəyyən edilsin.
Kassa əməliyyatlarının aparılması ilə əlaqədar olan cinayət işləri üzrə
- Kassa üzrə əmələ gəlmiş çatışmazlığın və artıqlığın məbləği müəyyən edilsin.
- Həmin çatışmazlığa görə maddi məsuliyyət daşıyan şəxs müəyyən edilsin.
- Çatışmazlığın əmələ gəlmə səbəbləri müəyyən edilsin.
- Çatışmazlığın və artıqlığın hansı dövrdə əmələ gəldiyi müəyyən edilsin.
- Bankdan alınmış və ya kənar mənbələrdən daxil olmuş pul vəsaitlərinin tam və vaxtında mədaxil olub-olmaması müəyyən edilsin.
- Kassadan pul vəsaitlərinin məxaricə verilməsinin düzgünlüyü araşdırılsın.
- Kassa üzrə sənədləşmələrin nə dərəcədə düzgün aparılıb-aparılmaması müəyyən edilsin.
- Kassa kitabının tələb olunan qaydada aparılıb-aparılmaması müəyyən edilsin.
-Xəzinədar ilə müəssisə rəhbəri arasında maddi-məsuliyyət barədə müqavilənin bağlanıb-bağlanmaması müəyyən edilsin.
- Kassa hesabatlarının nə dərəcədə düzgün tərtib olunub-olunmaması müəyyən edilsin.
- Kassa üzrə qəfləti yoxlamaların aparılıb-aparılmaması müəyyən edilsin.
- Kassa üzrə hansı uçot və hesabat qaydalarının pozulması hallarına yol verilib-verilmədiyi müəyyən edilsin.
Vergi qanunvericiliyinin pozulması ilə əlaqədar olan cinayət işləri üzrə
- Müəssisədə təftişin əhatə etdiyi dövrdə qiymət intizamına riayət olunub-olunmaması müəyyən edilsin.
- Ödənilmiş vergi növlərinin məbləğlərinin nə dərəcədə düzgün hesablanıb-hesablanmaması müəyyən edilsin.
- Əlavə dəyər vergisinin hesablanıb-hesablanmaması və həmin vergi növünün vaxtında ödənilib-ödənilməməsi müəyyən edilsin.
- Mənfəətin düzgün hesablanıb-hesablanmaması müəyyən edilsin.
- Mənfəətin uçotdan gizlədilməsi faktlarının olub-olmaması və əgər vardırsa, onun məbləği müəyyən edilsin.
- Yol fondu vergisinin düzgün hesablanıb-hesablanmaması müəyyən edilsin.
- Ayrı-ayrı vergi növlərinin vaxtında ödənilməməsi ilə əlaqədar maliyyə sanksiyaları tətbiq olunmuşdurmu, əgər olmuşdursa, onun konkret məbləği müəyyən edilsin.
- Müəssisədə vergi qanunvericiliyinə əməl olunmasının yoxlanılması ilə əlaqədar tərtib olumuş aktın gəldiyi nəticə əsaslıdırmı?
- Vergitutma obyektlərinin uçotdan gizlədilməsi hallarının olub-olmaması müəyyən edilsin.
Həll edilməsi üçün ekspert-mühasibin qarşısında mühasibat uçotu və hesabatın aparılması qaydalarına dair (balansın, yazılışların tərtib olunmasının və uçot reyestrindəki qeydlərin düzgünlüyü və s.) digər suallar da qoyula bilər.
Bank əməliyyatlarındakı cinayət işləri üzrə
- Müəssisə tərəfindən bankdan alınmış kredit vəsaitin həcmi və ona hesablanmış faizlərin məbləği müəyyən edilsin.
- Bankdan alınmış kredit vəsaiti banka ödənilmişdirmi? Əgər ödənilməmişdirsə, onda müəssisənin banka olan kredit borcu nə qədərdir?
- Bankdan alınmış kredit vəsaitləri ödənilməməsi nəticəsində banka dəymiş ziyanın məbləği müəyyən edilsin. Dəymiş ziyana görə məsul olan şəxsləri dairəsi müəyyən edilsin.
- Bankdan alınmış kredit vəsaitlərini təyinatına görə müəssisə tərəfindən istifadə edilibdirmi?
- Bank tərəfindən müəssisəyə kredit vəsaitləri verilərkən nə kimi pozuntulara yol verilmişdir?
- Bank tərəfindən, müəssisə tərəfindən alınmış kreditlərin qaytarılması üçün nə kimi tədbirlər görülmüşdür?
- Müəssisə tərəfindən bankdan alınmış kredit vəsaitləri və onların istifadə edilməsi müəssisənin mühasibat uçotunda öz əksini tapmışdırmı? Bu işdə müəssisə tərəfindən pozuntulara yol verilmişdirmi?
- İş üzrə keçirilmiş təftişin verilmiş kredit vəsaitinin və ona hesablanmış faizlərin həcmi və istifadəsi barədə gəldiyi nəticə düzgündürmü?
Həll edilməsi üçün ekspert-mühasibin qarşısında mühasibat uçotu və hesabatın aparılması qaydalarına dair (balansın, yazılışların tərtib olunmasının və uçot reyestrlərindəki qeydlərin düzgünlüyü və s.) digər suallar da qoyula bilər.