Psixoloji ekspertiza

Psixoloji ekspertiza

Məhkəmə-psixoloji ekspertizası həm cinayət, həm də mülki işlər üzrə xüsusi psixoloji biliklərin tətbiq olunması ilə həyata keçirilir. Məhkəmə psixoloji ekspertizasının vəzifəsi şəxsiyyətin psixi fəaliyyətinin - idrak proseslərinin, emosional – iradi sferasının və fərdi-psixi xüsusiyyətlərinin öyrənilməsi və bunun cinayət əməlini törədən şəxsin, zərərçəkmişin, şahidin və başqa şəxslərin davranışına təsirini müəyyən etməkdən ibarətdir.

Məhkəmə-psixoloji ekspertizasının məqsədi xüsusi psixoloji biliklərdən istifadə etməklə cinayət  və mülki işlər üzrə həqiqətin müəyyən olunmasından ibarətdir. Psixoloji tədqiqat zamanı ekspert psixoloji metodlardan istifadə edərək, məhkəmə-istintaq orqanlarına və məhkəməyə məlum olmayan faktlar üzə çıxarır. Məhkəmə-psixoloji ekspertizasının predmeti insanın iş üçün hüquqi əhəmiyyət kəsb edən psixi fəaliyyətinin konkret proseslərini, xüsusiyyətlərini, hallarını və mexanizmini öyrənməkdən ibarətdir. Məhkəmə-psixoloji ekspertizasının obyektini isə psixi cəhətdən sağlam insanın (təqsirləndirilən, zərərçəkmiş, şahid, iddiaçı  və cavabdeh) və onun cinayət, habelə mülki işlə bağlı psixi fəaliyyəti təşkil edir. Ekspert tədqiqatı zamanı müayinənin mərkəzində ekspertizadan keçiriləcək insanın şəxsiyyəti durur.

Məhkəmə-psixoloji ekspertizasının təyin edilməsinə məhkəmə-istintaq orqanları əvvəlcədən hazırlaşmalıdır. İlk növbədə, ekspert-psixoloq qarşısında qoyulacaq suallar və bununla bağlı, ekspertizanın növü müəyyən edilməlidir. Rəy verilməsi üçün zəruri olan materiallar toplanmalı, ekspertizanın növündən asılı olaraq müayinə ediləcək şəxs ekspertizaya (ekspert-psixoloqa) təqdim edilməlidir. Ekspert rəyinin tam, hərtərəfli və obyektiv olması üçün ekspertizanın istintaqın hansı mərhələsində keçirilməsi dəqiqləşdirilməlidir. Məhkəmə-psixoloji ekspertizası cinayətin təhqiqatı ilə bağlı ortaya çıxan bəzi məsələlərin həlli üçün xüsusi psixoloji biliklər tələb edildiyi anda təxirə salınmadan təyin edilməlidir. Digər hallarda isə ekspert-psixoloq qarşısında qoyulmuş suallarla əlaqədar rəy verilməsi üçün zəruri materiallar toplanmış olduğu təqdirdə təyin olunur.

Ekspert-psixoloq rəy vermək üçün məhkəmə prosesinə də dəvət oluna bilər. Məhkəmə-psixoloji ekspertizası psixi cəhətdən tam sağlam olan şəxsin psixi fəaliyyətinin onun davranışına göstərdiyi təsirin xarakterini müəyyən etdiyindən, psixoloji müayinədən keçəcək şəxsin psixi sağlamlığına tam əmin olduqdan sonra, yəni məhkəmə-psixiatrik ekspertizasından sonra məhkəmə-psixoloji ekspertizası təyin edilə bilər.

ƏVVƏLƏ QAYIT
Bağla Yaxınlaşdır