Tikinti-texniki ekspertizası cinayət işləri üzrə
Сinayət işləri üzrə keçirilən məhkəmə tikinti-texniki ekspertizasının səlahiyyətlərinə aşağıdakı məsələlər daxildir:
- görülmüş işlərin qəbul aktlarında, eləсə də təftiş zamanı keçirilmiş nəzarət ölçüsü əsasında tikinti quraşdırma və təmir işlərinin həcmlərinin artırılmasının (şişirdilməsinin) müəyyən edilməsi;
- tikinti materiallarının obyektlər üzrə düzgün silinməsinin müəyyən edilməsi (materialların keyfiyyəti, iş şəraiti və material sərfiyyatı istehsalat normaları nəzərə alınmaqla);
- iş həсminin artırılması ilə əlaqədar artıq əmək haqqının ödənilməsinin müəyyən edilməsi;
- material-texniki hesabatların tədqiqatı və texniki istehsalat sənədlərinin analizi.
- tikintidə baş vermiş qəzanın texniki səbəblərinin müəyyən edilməsi;
- yeni tikintilərdə, digər binalarda və s. əsaslı təmirin aparılmasının keyfiyyətinin müəyyən edilməsi;
- tikinti-quraşdırma işlərinin aparılma qaydalarının pozulmasına yol verən səbəb və şərtlərin müəyyən edilməsi.
- Karyerlərdə və daş karxanalarında xanmaldan istehsal olunan materialın dəyərinin və istehsalat həcminin müəyyən edilməsi;
- Karyerlərin və daş karxanalarının texniki baxımından fəaliyyətinin qanuna uyğun aparılıb-aparılmamasının müəyyən edilməsi;
Ekspertizaya aşağıdakı materialların təqdim edilməsi zəruridir:
«a» bəndi üzrə - sənədli təftiş aktı; görülmüş işlərə dair, sifarişçi və podratçı tərəfindən təsdiq edilmiş qəbul aktlarının əsli; faktiki görülmüş işlərin nəzarət ölçü aktları; tədqiq olunan obyektin tikintisi üzrə yerinə yetirilmiş işlərin qeydiyyat jurnalları; tədqiq olunan obyektin tikintisinə dair layihə və smetalar; tikinti quraşdırma işlərinin həcminin artırılmasını müəyyən etmək üçün yığım və üzləşdirmə cədvəlləri; podrat müqavilələri, gizli işlərə dair aktlar; obyektin titul siyahıları, obyektin təhvil-təslim olunmasına dair aktlar və s.
Təmir işləri üzrə əlavə olaraq qüsur aktları təqdim edilməlidir.
«b» bəndi üzrə - sənədli təftiş aktı; yerinə yetirilmiş işlərin qeydiyyat jurnalı və yığım cədvəli; görülmüş işlərin qəbul aktı (2№-li forma); faktiki görülmüş işlərin nəzarət ölçü aktları; maddi məsul şəxslərin yoxlanılan dövr ərzində tərtib etdikləri texniki material hesabatları.
«c» bəndi üzrə - sənədli təftiş aktı; tədqiq olunan obyektlər üzrə yığım cədvəlləri və yerinə yetirilmiş işlərin hesabat jurnalı, obyekt üzrə layihə-smeta sənədləri, görülmüş işlərin nəzarət ölçü aktları, tikinti üzrə əmək haqqı sənədlərinin əsli, müqayisə cədvəlləri.
«ç» bəndi üzrə - sənədli təftiş aktları; texniki materialların hesabatları, layihə-smeta sənədləri, yerinə yetirilmiş işlərin qeydiyyat jurnalı və yığım cədvəli.
«d» bəndi üzrə - baş vermiş qəzanın, təhqiqat aktı, obyektin texniki sənədləri;
«e» bəndi üzrə - yerinə yetirilmiş işlərin keyfiyyətini müəyyən edən sənədlər, tikinti obyekti üzrə layihə smeta sənədləri.
Cinayət işləri üzrə keçirilən məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat obyektləri:
-obyektlərin layihə smeta sənədləri;
-faktiki görülmüş işlərin nəzarət ölçü aktları;
-görülmüş işlərin hesabat jurnalı və onların qəbul aktı;
-tədqiqat obyektlərində görülmüş işlərə dair yığım cədvəli;
-əmək haqqının ödənilməsinə dair sənədlər;
-obyektin titul siyahıları;
-podrat müqavilələri;
-əmək razılaşmaları;
-sənədli təftiş aktları.
Cinayət işləri üzrə keçirilən məhkəmə tikinti-texniki ekspertizasının təyini zamanı işin hallarından və tədqiqat obyektinin xarakterindən asılı olaraq aşağıdakı kimi suallar qoyulur:
a) Yerinə yetirilmiş tikinti işlərinin (quraşdırma, torpaq işləri və s.) faktiki həcmi nə qədərdir?
b) Sifarişçiyə verilmiş işlərin konkret təhvil-təslim aktlarında, görülmüş işlərin faktiki həcmi düzgün göstərilmişdirmi?
c) Tikinti işlərinin icraçılardan qəbul olunması zamanı kənara çıxma hallarına yol verilmişdirmi? Əgər verilmişdirsə, hansılardır?
ç) İşlərin yenidən yerinə yetirilməsi halları vardırmı və müsbət nəticədə onlar əlavə materialların sərf olunması ilə əlaqəlidirmi?
d) Baş vermiş hadisə (məsələn: uçma) aparılmış keyfiyyətsiz tikinti nəticəsində ola bilərmi? Əgər olarsa, onda tikintidə yol verilmiş hansı qüsurlar həmin hadisəyə səbəb ola bilərdi?
e) Tikintidə düzgün smeta tərtib olunmuşdurmu, həmin smeta artırılıb və ya azaldılıbsa, onda hansı iş növləri üzrə və hansı məbləğdə olubdur?
ə) Texniki layihə, həmin növ (tip) texniki layihələrə aid olan təlabatlara uyğun tərtib olunmuşdurmu?
f) İş həcmlərinin artırılması ilə əlaqədar artıq tikinti materialları silinməsi və artıq əmək haqqı ödənilməsi faktları vardırmı?